SİYASƏT
AZƏRBAYCAN İLƏ LİTVA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 3 mart (AZƏRTAC). Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, martın 3-də nazir Elmar Məmmədyarov Litva Seyminin xarici işlər komitəsinin sədri Emanuelis Zinqeris ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Ölkəsinin Azərbaycana Avropa institutlarına inteqrasiya prosesində mümkün köməyi göstərməyə hazır olduğunu deyən E.Zinqeris bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Nazir E.Məmmədyarov Litva tərəfindən ölkəmizin mövqeyinin dəstəkləndiyinə görə təşəkkürünü bildirmişdir.
Ölkələrimiz arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə münasibətlərin intensivləşdirilməsinin vacibliyini vurğulayan E.Məmmədyarov bunun həm ikitərəfli əlaqələr, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi mümkünlüyünü demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.