İQTİSADİYYAT
Azərbaycan ilə Macarıstan arasında investisiya qoyuluşu məsələləri müzakirə olunmuşdur
Bakı, 5 dekabr (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın həmsədri Peter Siyarto dekabrın 5-də iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşmüşdür.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan ilə Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmışdır. Nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır. İki ölkə arasında mövcud iqtisadi əlaqələrin, əməkdaşlıq perspektivlərinin, ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu görüşdə nazir Ş.Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat vermişdir.
Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın həmsədri Peter Siyarto hər iki ölkənin böyük potensial olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulamışdır.