SİYASƏT
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qurulan əlaqələr böyük perspektiv vəd edir - ŞƏRH
![Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qurulan əlaqələr böyük perspektiv vəd edir - ŞƏRH](/files/2023/3/1200x630/16947017591189846956_1200x630.jpg)
Bakı, 14 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisidir. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkə təmsil olundu. Ümumiyyətlə, son illər ölkəmizin çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə, Zirvə toplantılarına dəvət olunması mütəmadi hal alıb. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin şəxsiyyətinə olan inamın, onun yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın coğrafi mövqeyinin və regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Azərbaycanın Şərq-Qərb dəhlizinin inkişafındakı fəaliyyəti və yaratdığı kommunikasiya imkanları onu aparıcı beynəlxalq aktora çevirib. Vətən müharibəsində qazanılan Qələbə və Avropanı enerji təhlükəsizliyinin təmin olunmasında oynadığımız rol Azərbaycana olan etimadı daha da artırıb. Buna görə də əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır.
"Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı xüsusi yer tutur. Həmin ölkələrlə əməkdaşlığımız ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Mədəni və tarixi köklərə bağlı olduğumuz Mərkəzi Asiya regionu ilə iqtisadi və nəqliyyat-kommunikasiya sahələri son illər bir neçə dəfə artıb. Dünyada baş verən proseslər dövlətlərdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son illər Mərkəzi Asiya ölkələrinə və həmin dövlətlərin rəhbərlərinin ölkəmizə səfərləri əlaqələrimizin genişlənməsini və strateji müstəviyə keçməsini şərtləndirir. Dövlətimizin başçısı bununla bağlı qeyd edib ki; “təsadüfü deyil ki, mənim səfərlərim və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik",- deyə Y. Hacızadə vurğulayıb.
Politoloq əlavə edib ki, Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti dünyada baş verən son hadisələr fonunda daha da önə çıxıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, gələcəkdə Zəngəzur dəhlizinin reallaşması ölkəmizi mühüm nəqliyyat qovşağına çevirib. Prezident İlham Əliyevin apardığı davamlı və uzun müddətə hesablanmış siyasət nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika imkanları yaradılıb və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bu gün Çindən, Mərkəzi Asiyadan Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaları ölkəmizin ərazisindən keçir ki, bu da Azərbaycana marağı artırır.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bütün bunlar da göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qurulan əlaqələr böyük perspektiv vəd edir.