Balakənli kümçülər bu il 18,7 tondan çox yaş barama istehsal ediblər
Balakən, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda barama tədarükü başa çatıb. Rayonun kümçüləri bu il qəbul məntəqəsinə 18 ton 752,1 kiloqram yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 270-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 700 qutu və ya 13,3 kiloqram ipəkqurdu paylanılıb.
Qurum rəsmisinin sözlərinə görə, Qazma kəndindən Tahir Məmliyev builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 371,9 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 12 qutu, yəni 228 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Mahamalar kəndindən Elmir Pəhlivanov bu il 288,5 kiloqram, Hənifə kəndindən Rədxan Layıcov 281,6 kiloqram, Yeni Şərif kəndindən Muhuma Xattayev isə 277,2 kiloqram yaş barama istehsal ediblər. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, ötən il olduğu kimi, bu il də kümçülərə istehsal etdikləri yaş baramanın hər kiloqramına görə 11 manat ödəniləcək.