İQTİSADİYYAT
Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də kənd təsərrüfatı naziri Heydər Əsədovun Niderland Krallığının respublikamızdakı səfiri Robbert Yan Qabrielslə görüşündə iki ölkə arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əsədov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar və kənd təsərrüfatı istehsalçılarına yaradılan şərait, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması barədə ətraflı məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının yenilənməsi, Niderlandın kənd təsərrüfatı sahəsində aparıcı dünya ölkəsi olduğunu nəzərə alaraq onun geniş təcrübəsindən faydalanmaq, xüsusilə heyvandarlıqda süd istehsalının həcminin artırılması, Azərbaycanda Niderland investisiyalı pendir istehsalı, bitkiçilik sahəsində istixanaların və aqroparkların yaradılması, toxumçuluğun təşkili, Niderlandın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kooperativlərin işi ilə tanışlıq, bu ölkənin kənd təsərrüfatı sahəsində aparıcı universitetləri ilə tələbə və müəllim mübadiləsinin aparılması və nazir Heydər Əsədovun Niderlanda rəsmi səfəri müzakirə olunub.
Səfir Robbert Yan Qabriels Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.