MƏDƏNİYYƏT
Azərbaycan ilə Türkiyə arasında kitabxana və nəşriyyat işi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi aparılır
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycanın Mədəniyyət Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında kitabxana və nəşriyyat işi sahələrində geniş şəkildə əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsinə başlanılıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycan Mədəniyyət Nazirliyinin və Milli Kitabxanasının əməkdaşlarından ibarət nümayəndə heyəti İstanbul şəhərində təşkil olunan İstanbul Beynəlxalq Naşirlər Həftəsi və kitabxana işi üzrə təlimlərə qatılıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan xalq kitabxanalarının fəaliyyətinə dair təlimlərdə iştirak ediblər. Xalq kitabxanalarında tətbiq olunan təsnifləşdirmə və indeksləşdirmə sistemləri ilə tanış olunub, UOT (Universal Onluq Təsnifatı), KBT (Kitabxana Biblioqrafiya Təsnifatı) mövzularında fikir mübadiləsi aparılıb, iki ölkə arasında kitabxana işi üzrə sistemlərin eyniləşdirilməsi perspektivləri müzakirə edilib.
Nümayəndə heyəti Naşirlərin Fikir Maratonu (Ideathon) və Beynəlxalq Ədəbi Tərcümə Proqramının açılış mərasimlərində iştirak edib və keçirilən tədbirlərin formatı və iş prinsipi ilə tanış olublar.
İstanbul Beynəlxalq Naşirlər Həftəsində kitabxana və nəşriyyat işi üzrə 72 ölkədən 332, Türkiyə Respublikasından isə 223 iştirakçı təmsil olunur.
Bu gün “Granda Cavahir” mehmanxanasında Naşirlərin Fikir Maratonunun (Ideathon) qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
Kitabxana və nəşriyyat işi üzrə təlimlər və təcrübə mübadiləsi martın 13-dək davam edəcək.
Nümayəndə heyətinin tərkibinə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, həmin şöbənin baş məsləhətçisi İslam Hüseynov və Azərbaycan Milli Kitabxanasının əməkdaşı Nazim Azakov daxildir.