İQTİSADİYYAT
Azərbaycan-İran Birgə Komissiyasının 50-ci görüşünün Protokol layihəsi müzakirə olunub
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan-İran Birgə Komissiyasının 50-ci görüşünün Protokol layihəsinin müzakirəsi keçirilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 50-ci görüşünün Protokol layihəsinin müzakirəsi COVID-19 pandemiyası ilə əlaqədar ASC-də videokonfrans şəklində təşkil olunub.
Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən görüşdə Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Mütəllim Əbdülhəsənov, Asif Verdiyev və Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Yəhya Allahverdiyev, Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Ekologiya və təbii sərvətlər naziri Mais Əliyev iştirak ediblər.
Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının 2021-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilib, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran Birgə Komissiyası”nın 50-ci yubiley iclası bu il mayın 31-də Araz su anbarının səddində təntənəli şəkildə keçiriləcək.