MƏDƏNİYYƏT
Azərbaycan Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalında böyük uğurla təmsil olunmuşdur
Budapeşt, 8 iyul (AZƏRTAC). İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçirilmişdir.
Dünyanın 10-dan çox ölkəsindən 30-a yaxın milli rəqs ansamblının iştirakı ilə keçirilən festivala Azərbaycan fəxri qonaq statusunda dəvət almışdır.
Azərbaycanı bu populyar mədəniyyət bayramında təmsil etmiş Masallı rayonunun məşhur “Halay” rəqs qrupu və xalq çalğı alətləri ansamblı festival çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirmiş, habelə folklor nümunələrinin təqdimatını keçirmişdir.
Festival zamanı ayrıca Azərbaycan musiqisi gecəsi təşkil edilmişdir.
Minlərlə musiqisevərin iştirakı ilə keçirilən festivalda Azərbaycan təmsilçiləri öz fəallığı ilə seçilmiş, onların iştirakını eyni anda 3 minə yaxın insan izləmişdir.
Kaloça şəhərinin meri Ferents Terek ölkəmizin “Halay” rəqs qrupu və xalq çalğı alətləri ansamblına şəxsən öz təşəkkürünü bildirmiş, nümayiş olunan Azərbaycan rəqslərinin tamaşaçıları valeh etdiyini demişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt