İQTİSADİYYAT
Azərbaycan məhsulları “Fruit Logistica” sərgisində nümayiş olunacaq
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan məhsulları “Fruit Logistica” sərgisində nümayiş olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 7-dən 9-dək Almaniyanın paytaxtı Berlində “Fruit Logistica” meyvə-tərəvəz sərgisi keçiriləcək.
Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgidə dünyanın 84 ölkəsindən 3000-dən çox şirkətin iştirakı nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, “Fruit Logistica” meyvə-tərəvəz sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.