SİYASƏT
Azərbaycan-Meksika münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir
Bakı, 9 oktyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Meksika Konqresinin Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo oktyabrın 9-da Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.
O.Əsədov demişdir ki, bu gün Azərbaycan ilə Meksika arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Son bir ildə Meksikadan Azərbaycana bir neçə nümayəndə heyəti gəlmişdir. Meksika dövləti və parlamenti ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Artıq Azərbaycan Meksika münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Biz 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Meksika parlamentinin qəbul etdiyi qərarları yüksək qiymətləndiririk və buna görə meksikalı dostlarımıza minnətdarlığımızı bildiririk.
Milli Məclisin sədri demişdir ki, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir, lakin iqtisadi, ticarət dövriyyəmiz günün reallıqlarını əks etdirmir. İqtisadi münasibətlərimizin genişləndirilməsi üçün də geniş imkanlar vardır.
O.Əsədov tezliklə Bakıda Meksikanın səfirliyinin fəaliyyətə başlamasının hər iki tərəfin xeyrinə olacağını bildirmişdir.
Porfirio Munyoz Ledo Azərbaycanda olmaqdan şərəf duyduğunu və ölkəmizə səfərindən məmnun qaldığını bildirmişdir.
Qonaq demişdir: “Həqiqətən də ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin böyük rolu vardır. Meksika parlamentinin hər iki palatası - Senat və Deputatlar Palatası Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Biz də hesab edirik ki, iqtisadi əlaqələrimizin inkişafı üçün geniş imkanlar vardır. Bakıda Meksikanın səfirliyinin açılması münasibətlərimizin daha da genişlənərək bütün sahələri əhatə etməsində mühüm rol oynaya bilər. Meksikaya qayıdan kimi bu məsələni yenidən qaldıracağam”.
Porfirio Munyoz Ledo Meksikanın mərkəzi meydanlarından birinə ulu öndər Heydər Əliyevin adını verildiyini xatırlatmış və bunun Azərbaycan xalqına və onun ümummilli liderinə olan hörmətin bariz nümunəsi kimi qiymətləndirmişdir.
Sonra görüşdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu, Azərbaycan ilə Meksika arasında iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti və s məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.