SİYASƏT
Azərbaycan Milli Məclisinin deputatları “İğdırda və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımlar və erməni iddiaları” mövzusunda konfransda iştirak etmişlər
Ankara, 31 mart (AZƏRTAC). Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımlı, Fəttah Heydərov, Azay Quliyev və Fazil Mustafa Türkiyənin İğdır şəhərində keçirilmiş “İğdırda və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımlar və erməni iddiaları” mövzusunda konfransda iştirak etmişlər.
Konfransdan əvvəl deputatlar və konfransın təşkilatçısı olan Türkiyə-Azərbaycan Dərnəyinin üzvləri İğdırdakı şəhid türklər abidəsini və ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün şəhərin mərkəzindəki abidələrini ziyarət etmiş, önünə əklil qoymuşlar.
Azərbaycan Milli Məclisinin deputatları İğdır valisi Amir Çiçək ilə də görüşmüşlər. Vali və azərbaycanlı deputatlar iki qardaş ölkə arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluqlarını ifadə etmişlər.
Konfransda Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımlı, Fəttah Heydərov və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan çıxış edərək ermənilərin Azərbaycan və Türkiyənin şərq bölgələrində azərbaycanlı və türklərə qarşı törətdikləri qətliamlardan ətraflı bəhs etmişlər. Onlar vurğulamışlar ki, bütün dünya parlamentlərində saxta “soyqırımı” təbliğatı aparan erməni lobbisini ifşa etmək üçün azərbaycanlı və türklərin qətliamı ilə bağlı faktlar və sənədlər beynəlxalq ictimaiyyət arasında yayılmalı, Xocalı soyqırımı kimi ağır cinayətlərin günahkarları cəzalandırılmalıdırlar.
Konfransda Azərbaycan, Türkiyə və bütün region üçün təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyasının bağlanılması istiqamətində fəaliyyətin gücləndirilməsinin zəruriliyi də vurğulanmışdır.
Tədbir çərçivəsində Qənirə Paşayevanın türk dilində nəşr olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının təqdimatı da olmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara