“Azərbaycan muğamı” layihəsi çərçivəsində növbəti konsert
Bakı, 13 may, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən konsertdə ifaçılar xalq mahnıları və muğamlardan ibarət zəngin proqram təqdim ediblər.
Konsertdə Əməkdar artist İsmayıl Həmidov, tanınmış tarzən və pedaqoq Murtuza Əsədullayev, kamança ifaçısı Vidadi Paşayev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri Fariz Hüseynov, Aida Rəfiyeva, respublika və beynəlxalq müsabiqələr laureatı Hüseyn Quliyev, tarzən Çingiz Ağazadə, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Aysun Sultanova və Cəlal Şahbəddinovun ifaları dinlənilib.
Qeyd edək ki, ifaçılıq ənənələrinin yaşadılması və ötürülməsinə yönələn, alət ifaçılığının inkişafına töhfə olaraq ərsəyə gələn layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gəlir.