SİYASƏT
AZƏRBAYCAN NİDERLAND İLƏ AVROPA İTTİFAQI ÇƏRÇİVƏSİNDƏ SIX ƏMƏKDAŞLIQ EDİR
Bakı, 3 mart (AZƏRTAC). Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, martın 3-də nazir Elmar Məmmədyarov Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi, nazir müavini Ed Kroninburq ilə görüşmüşdür.
Ölkəmizdə olmasından məmnunluğunu bildirən Ed Kroninburq Azərbaycan-Niderland münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirmişdir. Niderlandın Azərbaycanda səfirlik açdığını qeyd edən Ed Kroninburq bu amilin ölkələrimiz arasında əlaqələrin daha da intensivləşməsinə təkan verəcəyini vurğulamışdır.
Azərbaycanın Avropa İttifaqı çərçivəsində Niderland ilə sıx əməkdaşlıq etdiyini deyən nazir E.Məmmədyarov ölkələrimiz arasında iqtisadi, ekoloji, təhsil, enerji və digər sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.