SİYASƏT
Azərbaycan nümayəndə heyəti AŞPA-nın monitorinq komitəsinin fəaliyyətində əsaslı dəyişikliklər edilməsi məsələsini qaldırmışdır
Strasburq, 2 oktyabr (AZƏRTAC). Monitorinq komitəsinin fəaliyyətində əsaslı dəyişiklik edilməsinin vaxtı çatmışdır.
Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında qurumun monitorinq komitəsinin fəaliyyəti ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov səsləndirmişdir.
S.Seyidov yığıncaqla əlaqədar AZƏRTAC-a verdiyi müsahibəsində demişdir: Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çox ciddi bir məsələ kimi estoniyalı deputat Andres Herkelin rəhbərlik etdiyi Monitorinq komitəsinin bir illik fəaliyyəti müzakirə olunmuşdur. Təbii ki, Azərbaycan nümayəndə heyəti bu məsələyə biganə qala bilməzdi. Nümayəndə heyətinin rəhbəri kimi məruzə ilə bağlı öz fikirlərimi diqqətə çatdırdım. Biz belə hesab edirik ki, monitorinq komitəsi AŞPA-da bir mexanizm kimi yenidən işlənməsi, yeni standartlara cavab verməsi gündəmdə olan ən mühüm məsələlərdən biridir. Ona görə ki, mövcud monitorinq sistemi Avropa Şurasına üzv ölkələrdə gedən prosesləri əks etdirə bilmir. Əgər əks etdirirsə də, həmin proseslər düzgün təhlili olunmur və yaxud bəzi qüvvələr tərəfindən bir çox ölkələrə qarşı təzyiq kimi istifadə edilir. Bu deyilənlər nə Avropa Şurasının imicinə, nə də ölkələrin daxilində gedən demokratik islahatlara müsbət təsir göstərmir. Avropa Şurasında bəzi ölkələri monitorinq altında saxlamaq, digərlərini isə monitorinqə cəlb etməmək qeyri-obyektivdir və qurumda ikili standartların mövcudluğuna dəlalət edir.
Azərbaycan nümayəndə heyətinin sədri bununla bağlı yığıncaqda səsləndirdiyi təklifə də aydınlıq gətirmişdir: Təklif etdim ki, birincisi, Avropa Şurasında monitorinq bütün üzv ölkələrə şamil olunsun. İkincisi, ümumiyyətlə monitorinq hansısa ölkəyə təzyiq vasitəsi kimi yox, üzv ölkələrdə gedən proseslərə dəstək kimi nəzərdən keçirilsin.
S.Seyidov müsahibəsində daha bir məsələ ilə bağlı açıqlama verərək demişdir: Dünənki yığıncaqda cəhd göstərildi ki, mövcud monitorinq sistemindən başqa, Nazirlər Komitəsi nəzdində də ikinci bir monitorinq komitəsi yaradılsın. Əlbəttə, əksər ölkələr bunun əleyhinə çıxdı. Mən də çıxış edərək AŞPA-dakı mövcud sistemin üzv ölkələrdə normal fəaliyyəti təşkil edilmədiyi halda, ikinci bir oxşar sistemin yaradılması barədə fikirlərə qəti etirazımı bildirdim. Sevindirici haldır ki, A.Herkel tərəfindən irəli sürülən bu təklif səs çoxluğu ilə rədd edildi və beləliklə də məsələ Avropa Şurası Parlament Assambleyasının gündəliyindən çıxarıldı.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq