İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak etmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının nüfuzlu ixtisaslaşmış qurumlarından olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 91-ci sessiyasında iştirak etmişdir.
ARDDA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Yanğın təhlükəsizliyi sistemləri üzrə Beynəlxalq Məcəllə”yə və “Təhlükəli kimyəvi maddələri qalama üsulu ilə daşıyan gəmilərin inşası və təminatı üzrə Beynəlxalq Məcəllə”yə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər üzrə müzakirələr aparılmışdır.
Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında çıxış edən Beynəlxalq Dəniz Təşkilatının baş katibi Koji Sekimizu son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə bağlı görülmüş işlər barədə məlumat vermişdir.
K.Sekimizu bildirmişdir ki, 2012-ci ilin avqust ayının sonunadək Beynəlxalq Dəniz Təşkilatının Katibliyinə gəmilərə qarşı həyata keçirilmiş 247 quldurluq və silahlı basqın halı barədə məlumat daxil olmuşdur. Bu göstərici 2011-ci ilin həmin dövrü ilə müqayisədə 42 faiz azdır. Qeyd olunan quldurluq və silahlı basqın hallarının 40 faizi, yəni 91 hadisə Şərqi Afrika və Ərəb dənizində Somali dəniz quldurları tərəfindən törədilmişdir. Bütün bu göstəricilər gəmilərə qarşı quldurluq və silahlı basqın hallarının qarşısının alınması məqsədi ilə daha səmərəli addımların atılmasının tələb olunduğunun bariz nümunəsidir.
Sonra nümayəndə heyətləri tərəfindən dəniz quldurlarının əsirlikdə saxladıqları dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi, eləcə də dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsi ilə bağlı standartların müəyyənləşdirilməsi, dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi və digər məsələlərlə əlaqədar müzakirələr aparılmışdır.
Sessiya zamanı danimarkalı Kristian Bried Hold yekdilliklə yenidən 2013-cü il üçün Dəniz Təhlükəsizliyi Komitəsinin sədri, Sinqapurdan olan Məhəmməd Segar isə sədr müavini seçilmişdir.