AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BÖYÜK BRİTANİYADA SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun rəhbərliyi altında Bakının Xətai, Suraxanı, Nərimanov, habelə Qusar, Goranboy, Ağstafa, Oğuz rayonları icra hakimiyyətlərinin başçıları aprelin 6-dan 13-dək Böyük Britaniyada işgüzar səfərdə olmuşlar.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirmişlər ki, nümayəndə heyəti Aberdin Şəhər Şurasında şəhərin strateji inkişaf planının hazırlanması, nəqliyyat strategiyası, şəhərdaxili nəqliyyat sisteminin idarəolunması, şəhər stadionu, şəhərin baş planı və digər xüsusi əhəmiyyətli layihələrin hazırlanması və icrası, şəhər ərazisində park və dayanacaqlardan, yeniləşən enerji mənbələrindən istifadə qaydaları ilə tanış olmuşdur.
Aberdin Şəhər Şurasının sədri, Lord Provost Piter Stefen ilə görüşdə səfərin məqsədi, Aberdin ilə Azərbaycanın şəhər və rayonları arasında əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət vermişdir. Ziyafətdə İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvləri, yerli biznes dairələrinin nümayəndələri iştirak etmişlər.
Aprelin 10-da nümayəndə heyətimizin Londonda Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Nümayəndələr Palatasının üzvü Brüs Corc ilə görüşündə ikitərəfli əlaqələrin inkişaf istiqamətləri müzakirə olunmuş və belə səfərlərin hər iki ölkənin yerli hakimiyyət orqanları arasında münasibətlərin möhkəmlənməsinə təkan verəcəyi vurğulanmışdır.
Səfər çərçivəsində Azərbaycanın Londondakı səfirliyində nümayəndə heyəti üçün qəbul təşkil edilmişdir. Qəbulda Londonun Çelsi və Kensington inzibati ərazi idarəsinin meri, yerli biznes dairələrinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Qonaqlara səfər barədə məlumat verilmiş və qeyd olunmuşdur ki, Azərbaycanın inzibati ərazi vahidləri rəhbərlərinin bu sahədə Avropa ölkələrinin zəngin idarəçilik təcrübəsi ilə tanış olmaq təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Məqsəd Azərbaycanda yerli idarəçiliyi bütövlükdə Avropa standartlarına uyğunlaşdırmaqdır.