AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRASEKA-NIN ODESSADA KEÇİRİLƏN İCLASINA YOLLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi Hökumətlərarası Komissiyası milli katiblərinin növbəti toplantısında iştirak etmək üçün Ukraynanın Odessa şəhərinə yola düşmüşdür.
Nümayəndə heyətinə başçılıq edən TRASEKA-nın Azərbaycan üzrə Milli Katibliyinin rəhbəri Akif Mustafayev bildirmişdir ki, aprelin 24-25-də keçiriləcək iclasda əsasən cari ildə qarşıda duran vəzifələr müzakirə olunacaqdır. 2007-ci ilin dekabrında Astanada keçirilmiş 6-cı konfransda qəbul olunmuş qərarların icrası ətrafında da fikir mübadiləsi aparılacağı gözlənilir.
İclasda TRASEKA-nın baş katibi Ruslan Jenalinov başda olmaqla layihənin Hökumətlərarası Komissiyasının Daimi katibliyinin, Avropa Komissiyasının və bütün üzv ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Tədbirə layihənin üzvü olan ölkələrin dəniz idarələri rəhbərləri də qatılacaqlar.
İclasın birinci günü, aprelin 24-də milli katiblər dəniz idarələrinin rəhbərlərinin iştirakı ilə beynəlxalq yüklərin dənizlə daşınması zamanı təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edəcəklər. Aprelin 25-də isə milli katiblərin görüşündə 2008-ci ildə qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılacaqdır.
Qeyd edək ki, TRASEKA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılmışdır və mərkəzi ofisi Bakıda yerləşir. Avropa və Asiyanın 12 dövləti bu qurumun üzvüdür. Pakistan, Əfqanıstan, İran, Misir və Koreya Respublikası quruma üzvlüklə bağlı müraciət emiş, İran və Əfqanıstanın təşkilata üzvlüyünə razılıq verilmişdir.