AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ AŞPA-NIN İCLASINA SƏDRLİK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası aprelin 16-da öz işini davam etdirmişdir.
Deputatlar gündəlikdəki məsələləri müzakirə etmiş, Ukraynanın Baş naziri xanım Yuliya Timoşenkonun çıxışını dinləmişlər. Baş nazir “narıncı inqilab”dan sonra ölkəsindən gedən quruculuq işləri və baş vermiş dəyişikliklər barədə məlumat vermiş, insan hüquqları ilə bağlı prosesin bu gün də davam etdiyini diqqətə çatdırmışdır.
Y.Timoşenko ölkə konstitusiyasında dəyişikliklər edilmədən demokratiyanın inkişafının qeyri-mümkünlüyünü vurğulamış, Ukraynanın Avropa Şurası ilə əlaqələrinin inkişafında maraqlı olduğunu, Avropa standartlarına uyğunlaşma prosesinin vacibliyini qeyd etmiş, qeyri-qanuni immiqrasiyaya, insan alverinə, terrorizmə, korrupsiyaya və digər neqativ hallara qarşı aparılan mübarizəyə toxunmuşdur.
Avropanı təhdid edən enerji təhlükəsizliyinin təmin edilməsinin Ukrayna üçün başlıca amil olduğunu, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə ciddi addımlar atıldığını bəyan etmişdir.
Prosedur qaydalarına uyğun olaraq Y.Timoşenko çıxışının sonunda deputatların suallarını cavablandırmışdır.
Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Mirzəzadənin Ukraynadakı milli azlıqlarla bağlı sualını cavablandıran Baş nazir ölkədə çoxlu sayda başqa millətlərin nümayəndələrinin yaşadığını, onların dillərinin və mədəniyyətlərinin inkişafı üçün hər cür şərait yaradıldığını, yerli vətəndaşlar kimi milli azlıqların da seçib-seçilmək hüququna malik olduqlarını, onların hüquqlarının dövlət tərəfindən qorunduğunu bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov günün ikinci yarısında “Avropada uşaqlar və yeniyetmələr arasında intihar halları” məsələsinin müzakirəsi zamanı yığıncağa sədrlik etmişdir. Bu, Avropa Şurasının Azərbaycana göstərdiyi yüksək etimaddan xəbər verir.