CƏMİYYƏT
Azərbaycan Ordusu antiterror tədbirlərində böyük peşəkarlıq və hərbi mədəniyyət nümunəsi göstərdi - AÇIQLAMA
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Qarabağda apardığı antiterror tədbirləri ilə Ermənistana hərbi mədəniyyət dərsi keçdi. Ordumuz dünyaya göstərdi ki, mübarizə yalnız silahlı şəxslərə qarşı aparılmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, jurnalist Seymur Əliyev bildirib.
O qeyd edib ki, antiterror əməliyyatları zamanı ordumuzun yalnız hərbi infrastrukturu hədəf alması, mülki obyekt və insanlara heç bir zərər vurmaması bütün dünya üçün nümunədir: “44 günlük Vətən müharibəsində olduğu kimi sentyabrın 19-dan başlayan antiterror tədbirləri çərçivəsində də Azərbaycan Ordusu çox böyük peşəkarlıq, eyni zamanda hərbi mədəniyyət nümunəsi sərgilədi. Mülki obyekt və şəxslərə zərər vurmayan, yalnız hərbi obyekt və infrastrukturu sıradan çıxaran ordumuz, bununla bütün dünyaya göstərir ki, mübarizə ancaq silahlı şəxslərə qarşı aparılmalıdır. Hansı ki, ermənipərəst siyasət yürüdən Fransanın Afrika və Asiyada apardığı çoxsaylı müharibələrdə, Ermənistanın isə Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi dövründə daha çox mülki şəxsləri hədəf aldığı inkaredilməz həqiqətdir.
“Ermənistan mülki obyekt və şəxsləri də daim hədəf seçib ki, bu da onların qorxaqlığından, acizliyindən, miskinliyindən xəbər verir. Bu baxımdan dünyanın bir çox ölkələrinin, xüsusilə də Ermənistanın Azərbaycanın apardığı antiterror tədbirlərindən, bu tədbirlər zamanı sərgilədiyi hərbi mədəniyyətdən öyrənməli olduğu çox şey mövcuddur. Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu günə qədər heç bir dövlət, heç bir müharibə və ya anti-terror tədbirlərində düşmən ölkənin mülki şəxslərinə Azərbaycan qədər həssas münasibət bəsləməyib. Bu böyük və təkrarsız mədəniyyətin sahibi Azərbaycan Ordusudur. Bu günlərdə keçirilən antiterror tədbirləri bir daha göstərir ki, şanlı ordumuz bundan sonra da öz peşəkarlığı ilə yanaşı, həm də mədəniyyəti ilə bütün dünyaya örnək olmaqda davam edəcək”, - deyə Seymur Əliyev vurğulayıb.