SİYASƏT
AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ MOSKVAYA SƏFƏR EDƏCƏKDİR
Bakı, 2 iyun (AZƏRTAC). Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iyunun 3-də Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun dəvəti ilə Moskvaya səfər edəcəkdir.
Bu barədə jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu iyunun 2-də keçirdiyi brifinqdə məlumat vermişdir.
Nümayəndə heyətinin tərkibinə parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Mixail Zabelin, Adil Əliyev, Rüfət Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində nümayəndə heyətinin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev, Federasiya Şurasının sədri Sergey Mironov və Dövlət Dumasının sədri Boris Qrızlov ilə görüşləri nəzərdə tutulmuşdur. Görüşlərdə ikitərəfli əlaqələrin bu günü və inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Nümayəndə heyətinin üzvləri ölkəmizin Moskvadakı səfirliyində olacaq, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından maraqlanacaqlar.
Səfər iyunun 5-də başa çatacaqdır.