İQTİSADİYYAT
Azərbaycan polad məhsulları ixracatçısına çevriləcək
Bakı, 16 dekabr, AZƏRTAC
Gəncə şəhərində ən müasir standartlara uyğun polad istehsal kompleksi yaradılacaq. Bu kompleksin yüksək avtomatlaşdırma sistemi və ən yeni texnoloji avadanlıqlarla təchiz olunması nəzərdə tutulur.
Bunu AZƏRTAC-a müsahibəsində “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müavini vəzifəsini icra edən Elşən Cəfərov deyib.
E.Cəfərov bildirib ki, QSC əvvəlcə polad istehsalına qədər bütün mərhələləri əhatə edən müasir zavodların və istehsal sahələrinin mühəndis-axtarış və layihələndirmə işlərini nəzərdən keçirib. Ötən müddətdə ölkənin polad məhsulları bazarında araşdırma aparılıb, daxili tələbat öyrənilib, istehsal meyarları aydınlaşdırılıb. Müəyyən olunub ki, Azərbaycana illik orta hesabla 1,2-1,3 milyon ton polad və polad məhsulları idxal olunur. Əsas idxalçı ölkələr Rusiya və Ukraynadır.
Sədr müavini vurğulayıb ki, kompleksin müəssisələrində quraşdırılacaq bütün avadanlıqlar Yaponiya və ya Almaniyadan alınacaq. Hazırlanan polad məhsulları yüksək keyfiyyət standartlarına uyğun olacaq və ilkin mərhələdə daxili bazarın tələblərinin ödənilməsinə istiqamətləndiriləcək. İstehsal məhsullarının çeşidliliyi və rəqabətədavamlı olması onların daxili bazarla yanaşı, xarici bazarlara da çıxışını təmin edəcək. Bununla da polad məhsulları idxal edən Azərbaycan, qısa müddət ərzində ixracatçı ölkəyə çevriləcək.