RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSRAİLİN BAŞ NAZİRİNİN MÜAVİNİ, STRATEJİ PLANLAŞDIRMA NAZİRİ AVİQDOR LİBERMANIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Prezident sarayında İsrailin Baş nazirinin müavini, Strateji planlaşdırma naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı nümayəndə heyətinin Bakıdakı və Azərbaycanın digər bölgələrindəki görüşlərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə əldə edilən uğurlar barədə danışdı.
Aviqdor Liberman Azərbaycana ilk səfərini və bu səfər zamanı ümummilli lider Heydər Əliyev ilə keçirdiyi görüşü məmnuniyyətlə xatırladı. O, səfərindən keçən on il ərzində ölkəmizdə çox böyük dəyişikliklərin və inkişafın şahidi olduğunu bildirdi və aparılan quruculuq işlərinin onda böyük təəssürat yaratdığını vurğuladı.