RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NİDERLANDIN XARİCİ İŞLƏR NAZİRLİYİNİN BAŞ KATİBİ, NAZİRİN MÜAVİNİ ED KRONİNBURQUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Bakı, 3 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburq ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Bu gün Niderlandın ölkəmizdə səfirliyinin açılmasına toxunan Ed Kroninburq bunu ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin ifadəsi kimi qiymətləndirdi.
Dövlətimizin başçısı ölkəmizin Niderland ilə münasibətləri inkişaf etdirməyə böyük əhəmiyyət verdiyini vurğuladı. Azərbaycanın Niderlandda səfirliyinin artıq üç ildir fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdirilməsi işində önəmini qeyd etdi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
######