MƏDƏNİYYƏT
“Azərbaycan Qafqazın dürdanəsi” sərgisini ziyarət edənlərin sayı günbəgün artır
Daşkənd, 3 mart, АZƏRTAC
Daşkənddəki Dəmiryol Kollecinin tələbələri və 147 nömrəli orta məktəbin şagirdləri Özbəkistan Dövlət Tarix Muzeyində açılan “Azərbaycan Qafqazın dürdanəsi” adlı sərgi ilə tanış olub.
Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında açılan sərgi ötən ilin noyabrından ziyarətçiləri qəbul edir.
Noyabr ayından bu yana Daşkəndin ali və orta məktəbləri, kollec və liseylərinin tələbələri sərgiyə baxıb, Azərbaycanı daha yaxından tanımaq imkanı qazanıblar.
Tələbə və şagirdlər sərgidə Azərbaycanın gerbi və bayrağı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərlə əlaqədar nəşrlər, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində buraxılan kitablarla maraqlanıblar.
Onlar sərgidə Azərbaycanın tarixi, ölkəmizin qədim xəritələri, xalçalar, Qarabağ bölgəsinin milli qadın və kişi geyimləri, tarixi abidələrimizin maketləri və milli musiqi alətlərimizlə tanış olublar.
AMM-in əməkdaşı Salama Fətəliyeva tələbə və şagirdlərə sərgidə göstərilən eksponatlar haqqında məlumat verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd