SİYASƏT
“AZƏRBAYCAN” QƏZETİNİN REDAKSİYASINDA GÖRÜŞ
Bakı, 6 iyun (AZƏRTAC). “Azərbaycan” qəzetinin redaksiyasında Səudiyyə Ərəbistanının nüfuzlu mətbu orqanlarından olan «Əl-Cəzirə» qəzetinin ölkəmizdə səfərdə olan baş redaktoru Xalid əl Malik ilə görüş keçirilmişdir.
«Azərbaycan»ın Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qonağı salamlayaraq qəzetin tarixi və indiki fəaliyyəti barədə məlumat vermişdir. B.Sadıqov demişdir ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti olmuş «Azərbaycan» milli müstəqilliyimizin bərpasından sonra yenidən nəşrə başlamış və bu gün eyni funksiyanı yerinə yetirir. Qəzet ölkədə və dünyada cərəyan edən hadisələri işıqlandırarkən ümummilli məsələlərə, cəmiyyəti düşündürən problemlərə xüsusi diqqət yetirir, eyni zamanda dost ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanında baş verən yeniliklərlə oxucuları tanış edir.
Baş redaktor qonağın xahişi ilə ölkəmizdə kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı ətraflı məlumat verərək demişdir ki, Azərbaycan dövləti demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olan müstəqil mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır. Milli müstəqilliyin bərpasından ötən müddət ərzində KİV-in fəaliyyətinin qanunvericilik bazası müntəzəm olaraq təkmilləşdirilmiş, mətbuat azadlığının təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Ölkədə fəaliyyət göstərən çoxsaylı qəzet, jurnal, informasiya agentliyi, televiziya və radio kanallarına dövlət tərəfindən yüksək qayğı göstərilir. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu istiqamətdə atılmış növbəti mühüm addım kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
«Əl-Cəzirə» qəzetinin baş redaktoru Xalid əl Malik ölkəmizlə tanışlığından məmnunluğunu ifadə edərək demişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısına çıxmış bir-birindən mürəkkəb problemlərə, xüsusilə Ermənistanın hərbi təcavüzünün ağır nəticələrinə baxmayaraq, diqqətəlayiq uğurlar əldə etmişdir. Qonaq qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Bu istiqamətdə hər iki dövlətin atdığı addımlar dost xalqlarımızın mənafeyinə xidmət edir və böyük perspektivlərdən xəbər verir. Eyni zamanda, ölkə mətbuatı, o cümlədən «Əl-Cəzirə» qəzeti öz səhifələrində Azərbaycan həqiqətlərinə həmişə yer ayırır.
Görüşdə ölkələrimizin kütləvi informasiya vasitələri, o cümlədən «Azərbaycan» və «Əl-Cəzirə» qəzetləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüşdür. Belə bir yekdil fikir vurğulanmışdır ki, bu sahədə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi dost xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına şərait yaradar.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev iştirak etmişlər.
######