MƏDƏNİYYƏT
Nazir müavini: Vokalçıların Bülbül adına müsabiqəsinin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər
![Nazir müavini: Vokalçıların Bülbül adına müsabiqəsinin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər](/files/2024/2/1200x630/17174132601011335134_1200x630.jpg)
Bakı, 3 iyun, AZƏRTAC
Böyük xanəndə, Azərbaycan peşəkar vokal məktəbinin banisi, görkəmli sənətkar Bülbülün adını daşıyan müsabiqə çox həyəcanverici hadisədir və onun açılışı tarixi bir gündür. Artıq çoxdandır ki, bu müsabiqə dünya səviyyəsində ən populyar və sevimli incəsənət tədbirlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılışında Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib.
Nazir müavini əlavə edib: “Polad Bülbüloğlunun çıxışında qeyd etdiyi kimi, vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi ilk dəfədən dünya səviyyəsində musiqi festivalına çevrilib. Münsiflər heyəti görkəmli şəxsiyyətlərdən ibarət olub. Böyük müğənni İrina Arxipova onun sədri olub. Bu müsabiqənin laureatı olmuş bir çox müğənni hazırda dünyanın ən yaxşı səhnələrində çıxış edir və bu sənətin dünyada yayılması üçün böyük işlər görür. Təbii ki, hazırkı müsabiqədə çıxış edəcək musiqiçilər də gələcəkdə görkəmli musiqiçi və sənətkar olacaqlar, onların qəlbində də bizim ürəyimizdə olduğu kimi bu müsabiqə xüsusi yer tutacaq. Bugünkü tədbirimiz də əvvəlki müsabiqələr kimi mötəbər musiqi bayramıdır. Böyük xanəndə Bülbülün adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Görkəmli xanəndə Azərbaycan milli sənətinin yayılması və təbliği istiqamətində çox işlər görüb, öz məktəbini yaradıb”, - deyə Murad Hüseynov vurğulayıb.
O xatırladıb ki, bu gün müsabiqənin münsiflər heyətinin sədri olan Yusif Eyvazov vaxtilə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub.
“Hər kəsə uğurlar və böyük yaradıcılıq nailiyyətləri arzulayıram. Əminəm ki, bütün əvvəlki müsabiqələr kimi, bu müsabiqə də ölkəmizdə keçirilən unudulmaz beynəlxalq musiqi tədbiri kimi tarixə düşəcək”, - deyə Murad Hüseynov əlavə edib.