Balakəndə qanvermə aksiyası keçirilib
Balakən, 3 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Rayon Mərkəzi Xəstəxanasında iyunun 3-də təşkil edilən qanvermə aksiyasında 68 nəfər könüllü qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Əvvəlcə hər bir donorun sağlamlığı yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.