CƏMİYYƏT
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Təhlükəsiz qida” müsabiqə elan edir
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Təhlükəsiz qida” müsabiqəsi elan edib. Müsabiqəyə qida təhlükəsizliyi mövzusunda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd vətəndaşların qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini həmin mövzuya cəlb etmək, onun vacibliyini gündəmə gətirmək və bununla bağlı problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.
Müsabiqənin qaydalarına əsasən ssenarilər 3-5 dəqiqəlik videoçarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Təqdim edilən ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalı və Azərbaycan dilində olmalıdır. Bir müəllif müsabiqəyə bir neçə ssenari təqdim edə bilər və müəlliflər üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən edilən ssenarilər müsabiqədən kənarlaşdırılacaq.
Müsabiqənin münsiflər heyəti ən yaxşı 10 ssenarini seçəcək. İlk 3 yeri tutan ssenarilərin müəllifləri pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sosial videoçarx hazırlanacaq.
Müsabiqədə iştirak etmək istəyənlər müəllifi olduğu ssenarini oktyabrın 1-dən noyabrın 1-dək “Təhlükəsiz qida” başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müəlliflər ssenari ilə yanaşı, özləri haqda sərbəst mətndə məlumat da təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə vasitələri göstərilməlidir.