SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərərək, humanizm prinsiplərini rəhbər tutaraq, məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq, cinayətlərin törədilməsi şəraitini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların törətdikləri əməldən peşmançılıq çəkdiklərini, onların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə müsbət davranışlarını və qanunların tələblərinə riayət etmələri barədə vədlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 2002-ci il mayın 27-də 83 məhkumun əfv olunması haqqında Fərman imzalamışdır.
Fərman əsasında 73 nəfər şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, 10 nəfər şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır.
Əfv olunmuş məhkumların 65 nəfəri Azərbaycan Respublikasının müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərdə iştirak etmiş şəxslərdir.
Onlardan 17 nəfəri 1994-cü ilin oktyabr ayında qanunvericilikdə nəzərdə tutulmayan silahllı dəstələrin tərkibində Gəncə şəhərində baş vermiş dövlət çevrilişi cəhdində, Daxili İşlər Nazirliyinin sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları, hərbi qulluqçular və bu cinayətə qoşulmuş mülki şəxslər olan 41 nəfəri isə 1995-ci ilin mart ayında hakimiyyəti zorakılıqla ələ keçirmək məqsədi ilə Bakı şəhərində, Qazax və Ağstafa rayonlarında Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı sui-qəsddə iştirak etmişlər.
Bundan əlavə, əfv olunmuş 2 məhbus qanunvericilikdə nəzərdə tutulmayan silahlı separatçı qruplara daxil olaraq, ölkəmizin cənubunda Azərbaycanın ərazi bütövlüyünü parçalamağa cəhd etmiş, 5 məhbus isə 1993-cü ilin oktyabr və 1994-cü ilin avqust aylarında Naxçıvan Muxtar Respublikasında qanunsuz silahlı qrupların tərkibində cinayət törətmiş şəxslərdir.
Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, əfv edilmiş şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, islah olunub tezliklə cəmiyyətə qovuşacaq və gələcəkdə Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl edəcəklər.
Fərman qəzetin bugünkü nömrəsində dərc olunur.