AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI
Kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə bu il avqust ayının 11-də özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran separatçı qurum Azərbaycan Respublikasının erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda “prezident seçkiləri” adlanan növbəti siyasi şou keçirməyə hazırlaşır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyan edir ki, erməni işğalının ağır nəticələrinin aradan qaldırılmadığı, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan ərazilərində etnik təmizləmə siyasətini həyata keçirdiyi, münaqişənin dinc yolla nizama salınması istiqamətində danışıqlar davam etdiyi bir şəraitdə separatçı qurum tərəfindən növbəti seçki oyununun keçirilməsi Azərbaycan Respublikasının qanunlarının, habelə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, beynəlxalq ictimaiyyətə və qurumlara meydan oxumaqdır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bunu bir daha bildirir ki, beynəlxalq hüququn tələblərinə uyğun olaraq heç bir dövlətin ərazisi hərbi işğal obyekti ola bilməz və güc tətbiqi ilə əldə edilmiş heç bir ərazi qanuni sayıla bilməz. BMT Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il, 29 aprel 1993-cü il, 14 oktyabr 1993-cü il və 12 noyabr 1993-cü il tarixli qətnamələrində Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləmiş, Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına hörmətini bildirmiş, güc tətbiqi ilə ərazilərin ələ keçirilməsinin yolverilməz olduğunu göstərmişdir. Təhlükəsizlik Şurası həmçinin erməni hərbi birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu ərazilərdə yaradılmış separatçı rejim qeyri-qanunidir, bu rejimin elan etdiyi qurumlar isə heç bir halda beynəlxalq hüquq baxımından dövlət kimi nəzərdən keçirilə və qəbul oluna bilməz.
Azərbaycan Respublikası bu cür gülünc seçki oyunlarının nəticələrini tanımır, işğalın nəticələrinin möhkəmləndirilməsinə, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulmasına, münaqişənin dinc yolla həllinə maneələr törədilməsinə yönələn bu cür hərəkətləri qətiyyətlə rədd edir.
Azərbaycan Respublikası qəti əmindir ki, Dağlıq Qarabağ regionunda legitim hakimiyyət orqanlarının formalaşdırılması yalnız işğal edilmiş ərazilər azad olunduqdan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən, Dağlıq Qarabağın azərbaycanlı əhalisi öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra mümkündür.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dövlətləri və beynəlxalq qurumları, ilk növbədə isə ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda avqustun 11-də keçirilməsi nəzərdə tutulan aksiyanı qətiyyətlə pisləməyə, bütün mümkün olan vasitələrlə onun qarşısını almağa və nəticələrini tanımamağa çağırır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bunu bildirməyə vəkil edilmişdir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “prezident seçkilərinin” keçirilməsi tamamilə qeyri-qanunidir və aksiyanın istənilən nəticələri qəbuledilməzdir, heç bir siyasi və hüquqi əsası yoxdur. Eyni zamanda bu cür destruktiv və fitnəkar hərəkətlərin nəticələri üçün bütün məsuliyyət bütünlüklə və tamamilə Ermənistan Respublikasının və onun işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı oyuncaq qurumun üzərinə düşür.
Bakı şəhəri, 7 avqust 2002-ci il