SİYASƏT
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
![Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir](/files/2013/3/1200x630/14071450422699515637_1200x630.jpg)
Bakı, 18 oktyabr (AZƏRTAC). Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Zəfər Əliyev 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan parlamentinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini demişdir.
Bildirilmişdir ki, o zaman Azərbaycanın daxilində və xaricində vəziyyət heç də ürəkaçan olmamış, dövlətin iqtisadi və siyasi durumu çox acınacaqlı olmuş, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində çoxsaylı qaçqın və məcburi köçkünlər ordusu yaranmışdır.
Vurğulanmışdır ki, ölkədə mürəkkəb proseslər cərəyan etmiş, vətəndaş müharibəsi baş vermiş, bunun məntiqi nəticəsi kimi müstəqilliyimiz böyük sual altına düşmüşdü. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O vaxtkı mürəkkəb durumu təhlil edən ziyalılarımız ümummilli lider Heydər Əliyevə üz tutmuş, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək Ulu Öndəri respublikanın rəhbəri seçmiş və bununla da xoş, firavan günlərin təməli qoyulmuşdur.
Çıxış edən qonaqlar, o cümlədən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, həmin akademiyanın doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə və başqaları xalqımızın Şərq aləmində özünəməxsus yer tutduğunu, ilk dramaturgiyanın, ilk operanın banisi olduğu kimi, demokratik respublika quruculuğunda da ilkə imza atdığını bildirmişlər.
Qeyd olunmuşdur ki, xalqımız tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşmuş, daim müstəqil olmağa çalışmışdır. Bu müstəqillik 1991-ci il oktyabrın 18-də əzmkarlıq bahasına başa gəlmişdir. Qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs vermişdir.
Ulu Öndər əvvəlcə vətəndaş müharibəsinin qarşısını almış, Ermənistanla atəşkəsə nail olmuş və Azərbaycanda inkişafın təməli qoyulmuşdur. Azərbaycan ordusu yenidən təşkil edilmiş, nizam-intizam gücləndirilmişdir. Mühüm siyasi və iqtisadi islahatlara başlanılmışdır. Vurğulanmışdır ki, Azərbaycan Respublikasının gündən-günə artan qüdrətinin təməlində məhz ümummilli lider Heydər Əliyev amili və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi Ulu Öndər siyasəti durur.