SİYASƏT
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində cəbhə bölgəsində əsgərlərlə görüş keçirilmişdir
Bakı, 22 iyun (AZƏRTAC). “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində cəbhə bölgəsində əsgərlərlə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, qonaqlar birbaşa düşmənlə üzbəüz mövqelərdə dayanan “N” hərbi hissəsində xidmət və məişət şəraiti ilə tanış olmuşlar. Onlara hərbi hissənin döyüş hazırlığı barədə məlumat verilmişdir.
Əsgərləri bayram münasibətilə təbrik edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ulu öndər Heydər Əliyevin Milli Ordu quruculuğundakı xidmətlərindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü hərb sənayesinə və müasir orduya malik ölkəyə çevrilmişdir.
B.Səfərov Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımızın düşməndən azad ediləcəyinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əminliyini vurğulamışdır.
Rayon icra hakimiyyətinin başçısının müavinləri Vüsalə Fətəliyeva və Mirzə Bayramov ölkəmizin ordu quruculuğu sahəsindəki uğurlarından söhbət açmış, əsgərləri xidməti borclarını şərəf və ləyaqətlə yerinə yetirməyə çağırmışlar.
“Muğam” xalq çalğı alətləri ansamblının üzvləri əsgərlər qarşısında böyük konsert proqramı ilə çıxış etmişlər. Ansamblın ifa etdiyi vətənpərvərlik ruhlu nəğmələr şəxsi heyət tərəfindən hərarətlə qarşılanmışdır.
Görüşdə çıxış edən əsgərlər dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Ordusuna diqqət və qayğısına nümunəvi xidmətlə cavab verəcəklərini söyləmiş, torpaqlarımızın azad edilməsinə hazır olduqlarını vurğulamışlar.
Qonaqlar gətirdikləri bayram sovqatını əsgərlərə paylamışlar.
Daha sonra Ağdamda məskunlaşmış şuşalı məcburi köçkünlərlə görüşən Bayram Səfərov onların vəziyyəti ilə maraqlanmış, narahatlıq doğuran problemlərin həllinə kömək göstəriləcəyini bildirmişdir.