Azərbaycan səfiri Kremençuq şəhərinin Gənclik Diplomatiya Mərkəzinin fəalları ilə görüşüb
Kiyev, 11 fevral, AZƏRTAC
İnsanlar dünyaya diplomatlar kimi gəlmirlər, onlar diplomat olurlar: diplomat peşəsi vətənpərvərlik, daim təkmilləşmək, intellekt və yüksək mənəvi-əxlaqi keyfiyyətlər tələb edir.
Bu fikir Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin Poltava vilayətinin Kremençuq şəhərinin Gənclik Diplomatiya Mərkəzinin fəalları ilə görüşünün ana xətti olub.
Görüş başlamazdan əvvəl Kiyev şəhərinin bir sıra ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, lisey və gimnaziya müdavimləri səfirliyin yaxınlığında yerləşən, Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan gözəl parkla tanış olub, Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüblər.
Daha sonra səfir Eynulla Mədətli Azərbaycanın diplomatik nümayəndəliyinin “Heydər Əliyev” zalında ukraynalı gələcək diplomatlarla görüşdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanda bugünkü şərait barədə məlumat verib.
Gənc diplomatların çoxsaylı suallarını cavablandıran səfir E.Mədətli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət, humanitar sferada, iqtisadiyyat və səhiyyə sahələrində həyata keçirilən əsaslı islahatlar, ardıcıl və sistemli gənclik siyasəti və sosial siyasət məsələləri üzərində ətraflı dayanıb. O vurğulayıb ki, Azərbaycan kosmik dövlətlər sırasına daxil olub, ölkədə ən yeni texnologiyaların tətbiqinə, qeyri-neft sahəsinin, informasiya və kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının və turizm sənayesinin infrastrukturunun inkişafına diqqət artırılır.
Bu il iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətindən söhbət açan səfir Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” oyunlarının Təşkilat Komitəsinin geniş fəaliyyətini xüsusi qeyd edib.
Azərbaycanlı diplomat daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu problemin həllində ölkəmizin mövqeyi barədə ətraflı məlumat verib. O xüsusi vurğulayıb ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəkləyib və indi də dəstəkləyir. Prezident İlham Əliyev Münxendə keçirilən 51-ci Təhlükəsizlik Konfransında bunu bir daha bəyan edib.
Diplomat iki dost ölkə - Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq haqda da fikirlərini bölüşüb. Tədbirin sonunda E.Mədətli gənc diplomatlara, hər şeydən əvvəl, öz Vətəninin layiqli övladları olmağı tövsiyə edib, Vətəni sevməklə kifayətlənməyib, həm də ona xidmət etməyi arzulayıb. E.Mədətli görüş iştirakçılarına ölkəmizin səfirliyi tərəfindən Ukrayna dilində nəşr edilmiş ictimai-siyasi və bədii ədəbiyyat nümunələrini hədiyyə edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev