SİYASƏT
AZƏRBAYCAN SƏFİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
Mayın 27-də ölkəmizin Tehrandakı səfirliyində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfərinin yekunlarına və 28 May - Respublika gününə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Respublikamızın səfiri Abbasəli Həsənov jurnalistlər qarşısında çıxış edərək, Prezident Heydər Əliyevin bu ölkəyə uğurlu səfərinin nəticələrindən danışmış, onun Azərbaycan-İran münasibətlərində yeni mərhələnin başlanğıcı olduğunu vurğulamışdır. Səfər zamanı imzalanmış sənədlərin əhəmiyyətindən söhbət açan diplomat “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqaviləni çox mühüm sənəd kimi qiymətləndirmiş, onun ölkələrimizin əlaqələrinin gələcək istiqamətlərini müəyyənləşdirdiyini və möhkəm hüquqi baza yaratdığını bildirmişdir.
Sonra səfir Azərbaycan dövlətçiliyinin tarixində şanlı səhifələrdən biri olan 28 May - Respublika günü barədə danışaraq demişdir ki, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycanın dünyaya tanıtdırılması sahəsində böyük işlər görmüşdür. Onun süqutundan sonra da xalqımız azadlıq və müstəqillik ideyalarını qəlbində yaşatmış və nəhayət, 1991-ci ilin oktyabrında istiqlaliyyətinə yenidən və həmişəlik qovuşmuşdur.
Mətbuat konfransının sonunda səfir jurnalistləri maraqlandıran suallara cavab vermişdir.