MƏDƏNİYYƏT
Azərbaycan skripkaçısı Sabina Rakçeyeva Avropa Mədəniyyət Parlamentinin 10-cu sessiyasında iştirak edir
Peç, 17 oktyabr (AZƏRTAC). Bu il Avropanın mədəniyyət paytaxtı seçilmiş Macarıstanın Peç şəhərində Avropa Mədəniyyət Parlamentinin 10-cu sessiyası keçirilir. Üçgünlük sessiyada Avropa Şurasının üzvü olan ölkələri təmsil edən bu mədəniyyət orqanının 120-dək üzvü, o cümlədən həmvətənimiz skripkaçı Sabina Rakçeyeva iştirak edir.
Avropa Mədəniyyət Parlamenti 2001-ci ildə Strasburqda yaradılmışdır. Parlamentin məqsədi Avropada mədəniyyətə dair ideya və təşəbbüslərin rolunu gücləndirmək, xalqlar arasında mədəni dialoqu stimullaşdırmaqdır.
Bu il parlamentin sessiyası Peç şəhərinin Avropanın mədəniyyət paytaxtı seçilməsi münasibətilə məxsusi inşa edilmiş və macar bəstəkarı Zoltan Kodayın adı verilmiş möhtəşəm mərkəzdə keçirilir. İllik sessiya çərçivəsində keçirilən plenar iclaslarda yeni minillikdə mədəniyyət xadimləri qarşısında duran müxtəlif məsələlər müzakirə olunur.
Sabina Rakçeyeva uzun illərdir ölkəmizi xaricdə uğurla təmsil edir. Bu yaxınlarda o, əsərlərinin və improvizasiyalarının yer aldığı UnVeiled solo albomunu buraxmışdır. Musiqi sahəsində qazandığı uğurlarla yanaşı, Londonda yerləşən Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) Mədəniyyət Məsələləri Şurasının üzvü olan S.Rakçeyeva TEAS-ın işində fəal iştirak edir.
Hazırda S.Rakçeyeva London Universitetinin Şərq və Afrika tədqiqatları məktəbində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində çalışır. O, Bakı Musiqi Akademiyasını, Nyu-Yorkda Culyard məktəbinin musiqi üzrə magistratura proqramını və Belçikada Gent Kral Konservatoriyasını bitirmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Peç
######