AZƏRBAYCAN SÜRƏTLƏ DÜNYANIN BÖYÜK ENERJİ MƏNBƏYİNƏ ÇEVRİLİR
AZƏRTAC xəbər verir ki, Türkiyədə ingilis dilində nəşr olunan “Turkiş uikli” jurnalının iyun nömrəsində “Azərbaycan sürətlə dünyanın böyük enerji mənbəyinə çevrilir” sərlöhvəli geniş məqalə dərc edilmişdir.
Məqalədə deyilir ki, dünya bazarında neft və qazın qiymətlərinin artması ilə Xəzər regionu getdikcə yeni maraq, ümid və rəqabət zonasına çevrilir.
Ötən ay Qazaxıstan, Türkmənistan və Azərbaycana səfər edən Koreya Respublikasının Baş naziri Han Sin Su bu bölgəni “İkinci Yaxın Şərq” adlandırmışdır. Hesablamalara görə, bu bölgə dünyanın enerji tələbatının 3-4 faizini təmin edir. ABŞ Departamentinin Enerji-İnformasiya Administrasiyasının hesablamalarına görə, Xəzər hövzəsinin kəşf edilmiş neft ehtiyatları 17-33 milyard barrel həcmindədir. Ekspertlər hesab edirlər ki, Xəzər hövzəsinin mümkün neft ehtiyatları hətta 233 milyard barrel həcmindədir. Müqayisə üçün bildirək ki, Səudiyyə Ərəbistanının neft ehtiyatları 261, ABŞ-ın neft ehtiyatları isə 23 milyard barrel həcmindədir.
Xəzəryanı beş ölkənin birgə təbii qaz ehtiyatlarının 4,83 trilyon kubmetr olduğu bildirilir. Rusiya və İranın Qərblə münasibətlərini nəzərə alsaq, bu dövlətlərdən Azərbaycan, Türkmənistan və Qazaxıstan Qərbin artan enerji tələbatını ödəmək üçün ən optimal dövlətlərdir. Azərbaycan özünün Qərbə yaxın əlverişli coğrafi mövqeyi, alternativ enerji kəmərləri ilə getdikcə vacib enerji mənbəyinə çevrilir. Buna görə də ənənəvi Xəzər Beynəlxalq neft-qaz sərgisi və konfransının iştirakçılarının sayı və bu tədbirə olan maraq ilbəil artır. Bu il Bakıda keçirilən 15-ci yubiley Beynəlxalq neft-qaz sərgisi və konfransında 33 ölkədən 380 şirkət və çoxlu sayda rəsmi şəxslər iştirak etmişdir.
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirmişdir ki, ölkənin qaz hasilatının həcmi 2015-ci ildə 47,5 milyard kubmetrə çatacaqdır. Prezident İlham Əliyev isə bildirmişdir ki, Azərbaycanda neft hasilatının həcmi bu il 16 faiz artaraq, 50 milyon tona çatacaq, 2009-cu ildə isə bu rəqəm 60 milyon ton (442 milyon barrel) təşkil edəcəkdir. Prezident qeyd etmişdir ki, Azərbaycan bundan sonra 100 il müddətində də özünün təbii qaz ehtiyacını ödəmək imkanındadır.
“bp-Azərbaycan” şirkətinin prezidenti Bil Şröyder bildirmişdir ki, şirkət cari ilin sonunadək “Şahdəniz” yatağından 8 milyard kubmetr qaz çıxarmaq niyyətindədir. O, əlavə etmişdir ki, “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Biz bu yatağın gələcəyinə çox böyük ümidlə baxırıq”. Digər mütəxəssislər hesab edirlər ki, Azərbaycanın kəşf edilmiş 1,5 trilyon kubmetr qaz ehtiyatları vardır.
Bütün bu zəngin neft və qaz ehtiyatlarını nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan sürətlə dünyanın böyük enerji mənbəyinə çevrilir.