Azərbaycan Texniki Universitetində “ActInSpace” layihəsi təqdim edilib
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Azərbaycan Texniki Universitetində (AzTU) beynəlxalq innovasiyalar müsabiqəsinin - “ActInSpace” layihəsinin təqdimatı keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov Fransız Kosmik Agentliyinin təşəbbüsü ilə həyata keçirilən və beş qitədə 60-dan çox şəhəri birləşdirən beynəlxalq innovasiya müsabiqəsi haqqında məlumat verib. Prorektor qeyd edib ki, “ActInSpace” dünya miqyasında sahibkarları, tələbələri və yaradıcı insanları bir araya gətirən beynəlxalq layihədir. O bildirib ki, tələbələrin belə layihələrdə iştirakı onların gələcək elmi işlərinə, karyeralarına böyük təkan olacaq.
Daha sonra Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndəsi Elsanə Babaşova layihənin qayda və şərtlərindən danışıb. Bildirib ki, mayın 25-dən 26-dək UFAZ-da istedadlı gənclərin potensialının üzə çıxarılması məqsədilə keçiriləcək startup ideyalar yarışında ideyaları olan gənclər iştirak edəcəklər. Burada qalib gələn ideyalar beynəlxalq finala vəsiqə qazanacaq. E.Babaşova təqdimatında ideyaların əsasən kosmik tədqiqatlarla əlaqəli olmasını vurğulayıb. Yarışda ideyaları olan gənclər qrup şəklində iştirak edəcəklər. Hər qrupda beş iştirakçı olacaq.
Təqdimatdan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.