CƏMİYYƏT
Azərbaycan və Afrika gəncləri arasında əməkdaşlıq əlaqələri möhkəmlənir
Bakı, 7 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində Afrika İttifaqı Komissiyasının nümayəndələri ilə görüş keçirilmişdir.
Milli Şuradan AZƏRTAC-a bildirmişlər ki, görüş Azərbaycan və Afrika ölkələrinin gəncləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşımışdır.
Görüşdə qonaqlara ARGTMŞ-in fəaliyyəti, eləcə də ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rolu haqqında məlumat verilmişdir. Eyni zamanda, Afrika İttifaqı Komissiyasının Afrika ölkələrinin gəncləri üçün hazırladığı proqramlar haqqında da danışılmışdır.
Ölkəmizdə gənclər sahəsində aparılan işləri yüksək qiymətləndirən afrikalı qonaqlar Azərbaycan ilə əməkdaşlığa hazır olduqlarını bildirmişlər.
Görüşdə, həmçinin ARGTMŞ ilə Afrikanın 55 ölkəsinin gənclər təşkilatını birləşdirən “Pan-Afrika” Gənclər Birliyi arasında bağlanmış əməkdaşlıq haqqında memoranduma da toxunulmuş, son dövrlərdə Azərbaycan və Afrika gəncləri arasında əməkdaşlığın gücləndirildiyi qeyd olunmuşdur.