Azərbaycan və Avstriya alimləri birgə tədqiqatlar aparacaqlar
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Miosen dövrünün paleocoğrafi şəraitini öyrənmək məqsədi ilə Avstriyanın Qraz Texnologiya və Montan universitetlərindən Bakıya ezam olunmuş əməkdaşların iştirakı ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Ramiz Məmmədov bu elm müəssisələri arasında əməkdaşlığın perspektivlərindən bəhs edib.
Tədbirdə Montan Universitetinin neft geologiyası bölməsinin rəhbəri, professor Reynhard Saksenhofer, Qraz Texnologiya Universitetinin şöbə müdiri Andre Balderman, Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru Yelena Tağıyeva, Geologiya və Geofizika İnstitutunun elmi işçisi Şəfəq Bayramova və “BP Caspian” şirkətinin əməkdaşı Nazim Abdullayev mövzuya dair məruzələrlə çıxış ediblər.
Növbəti elmi seminarda A.Balderman “Şərqi Paratetizin Miosen dövrünün paleoiqlimi” mövzusunda çıxış edib. Məruzədə Qraz Texnologiya Universitetinin Tətbiqi Yer Elmləri İnstitutu ilə Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsinin birgə apardığı tədqiqat işindən bəhs olunub. Qeyd edilib ki, Qraz Texnologiya Universitetində bu məqsədlə mineraloji, geokimyəvi analizlər aparılıb. A.Balderman məhz həmin elmi işi müzakirə etmək üçün “Light House” şirkətinin Azərbaycan bölməsinin maliyyə dəstəyi ilə ölkəmizə ezam olunub.
Səfər müddətində avstriyalı qonaqlar birgə tədqiqat aparılacaq Şamaxı-Qobustan, İslamdağ ərazisində çöl ekspedisiyasında iştirak edib, orada yer səthinə çıxmış alt və orta Miosen yaşlı çöküntülərin olduğu sahələrə baxış keçiriblər.