SİYASƏT
Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilir
Bakı, 25 fevral (AZƏRTAC). “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı” haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar fevralın 25-26-da Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Xarici İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları daxildir. Belarus nümayəndə heyətinin tərkibinə isə Xarici İşlər, Daxili İşlər, Ədliyyə nazirliklərinin və Belarusun Azərbaycandakı səfirliyinin əməkdaşları daxildir.
Məsləhətləşmələr çərçivəsində Azərbaycan Sosial Müdafiə Fondu və Belarus Əmək və Sosial Müdafiə Nazirliyi arasında qarşılıqlı məlumat mübadiləsinin səmərəli təşkili məqsədilə qurumlararası əməkdaşlıq haqqında protokolun hazırlanması, mülki cinayət, ekstradisiya və məhkumların verilməsi sahəsində beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası və digər məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur. Eyni zamanda, məsləhətləşmələr əsnasında qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, qaçqın və miqrantlarla iş, hüquqi yardım göstərilməsi haqqında sorğuların icrasına dair qarşılıqlı fəaliyyət və digər maraq doğuran sahələr üzrə təcrübə mübadiləsinin aparılması da planlaşdırılır.
Məsləhətləşmələr zamanı Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.