AZƏRBAYCAN VƏ FRANSA BÖYÜK MEMARLIQ ƏNƏNƏLƏRİNƏ MALİKDİR
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi Frankofoniya günləri çərçivəsində “Memarlıq və şəhər mühitindəki keçidlər” mövzusunda fransız dilində keçirilən elmi konfransda vurğulanmışdır.
Universitetin rektoru Gülçöhrə Məmmədova bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Fransa əlaqələri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda fransız dilinə, mədəniyyətinə, şəhərsalma və memarlıq ənənələrinə böyük maraq göstərildiyini deyən rektor, rəhbərlik etdiyi təhsil ocağı ilə Fransanın Monpelye Universiteti arasında sıx əməkdaşlıq əlaqələrinin yarandığını söyləmişdir. “Tempus” layihəsi çərçivəsində azərbaycanlı tələbələr təhsillərini Fransada davam etdirmiş, təcrübə keçmişlər. Həmin proqramın davamı olaraq 10 tələbə hazırda Monpelye Universitetində təhsil alır.
Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik dü Şafo AMİU-da fransız dilində keçirilən elmi konfransdan məmnun olduğunu, belə tədbirlərin qarşılıqlı əlaqələrin inkişafına təsir göstərdiyini bildirmişdir. Böyük memarlıq ənənələrinə malik Fransa və Azərbaycanın bu sahədə əməkdaşlığı hər iki tərəf üçün faydalıdır.
Səfir vurğulamışdır ki, AMİU-nun rəhbərliyi ilə razılaşmaya əsasən fransalı memarlar Azərbaycana gələcəklər.
Sonra AMİU-nun tələbələri “Bakıda sahil memarlığının formalaşması”, “Qədim şəhərin sirləri”, “Bizim doğma Bakımız”, “Bionika memarlığı”, “Bakıda keçidlər” və digər mövzularda təqdimatlarla çıxış etmişlər.