CƏMİYYƏT
Azərbaycan vicdan azadlığının, eləcə də dini durumun səviyyəsinə görə dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur
Bakı, 8 oktyabr (AZƏRTAC). Azərbaycan vicdan azadlığının, eləcə də dini durumun səviyyəsinə görə təkcə regionda deyil, dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur.
Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov oktyabrın 8-də Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirmişdir.
Komitə sədri vurğulamışdır ki, Azərbaycandakı sağlam dini mühitdən istifadə etmək istəyən müəyyən qüvvələr vardır. Bu qüvvələr bir sıra xarici ölkələrin təsiri ilə, xüsusi xidmət orqanlarının istiqamətləndirici tövsiyələri və tapşırıqları əsasında fəaliyyət göstərməyə cəhd edirlər. Bəziləri isə siyasi, qrup və şəxsi məqsədlər üçün din amilindən istifadə etməyə çalışırlar. Lakin belə radikal, zərərli, dinlə əlaqəsi olmayan qrupların fəaliyyəti əvvəlki illərlə müqayisə xeyli zəifdir. Çox yaxşı haldır ki, bu cür radikal fəaliyyət cəhdləri yalnız dövlət deyil, bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir.
H.Orucov bildirmişdir ki, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyillərinin qarşısının alınması məqsədi ilə mühüm tədbirlər həyata keçirilir. Dini durumun daha da sabitləşməsində “Dini etiqad azadlığı haqqında” Qanuna və DQİDK-nin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dini qurumların yenidən dövlət qeydiyyatına alınması istiqamətində tədbirlər həyata keçirilir.
Əlavə və dəyişikliklərə əsasən, dini qurumların yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə biləcəyini qeyd edən H.Orucov, bu günədək 794 dini qurumun qeydiyyat üçün komitəyə müraciət etdiyini demişdir. Sənədləri müvafiq qaydada hazırlanmadığı üçün 15-i İslam, 9-u isə qeyri-islam təmayüllü olmaqla, ümumilikdə 24 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
H.Orucov qeyd etmişdir ki, dini ibadət yerlərinin tikintisi, bərpası və əsaslı təmirini tənzimləyən maddənin icrası ilə bağlı komitə sədrinin yanında xüsusi şura yaradılmışdır. Artıq fəaliyyətə başlayan şuranın tərkibinə müvafiq dövlət qurumlarının nümayəndələri daxil edilmişlər. “Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında” təlimat hazırlanmış və sənəd Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
DQİDK-nin sədri vurğulamışdır ki, görülən tədbirlər nəticəsində dini sabitliyin pozulmasına təhlükə yaradan zərərli dini ədəbiyyatın ölkəyə daxil edilməsi cəhdləri əhəmiyyətli dərəcədə azalmışdır. Ötən il komitəyə təqdim edilmiş 2 min 391 adda dini ədəbiyyatın 385-nin idxalına icazə verilməmişdir. Bu il avqustun 1-dək təqdim edilmiş 993 adda dini ədəbiyyatın 125-nin yayılmasının qarşısı alınmışdır.
Komitənin dini maarifçilik sahəsində fəaliyyətini davam etdirdiyini bildirən H.Orucov, 2007-ci ilin iyulundan bu günədək ölkənin bütün şəhər və rayonlarında 450 seminar-treninqin keçirildiyini demişdir. Seminar-treninqlər cəzaçəkmə müəssisələrində də təşkil edilmişdir.