DÜNYA
Azərbaycan Yunanıstanın “DEPA” qaz şirkətinin özəlləşdirilməsində iştirak edir
Bakı, 12 aprel (AZƏRTAC). Yunanıstanın Özəlləşdirmənin İdarə Olunması Fondu 14 şirkətə Yunanıstanın “DEPA” qaz şirkətinin özəlləşdirilməsində iştirak etməyə icazə vermişdir.
Bu barədə Fondun aprelin 12-də Afinada yayılmış mətbuat üçün məlumatında bildirilmişdir.
Müsabiqənin iştirakçıları arasında Rusiya, İtaliya, İspaniya və Yunanıstan da vardır.
Bundan əlavə, müsabiqədə Azərbaycan, Çexiya, İsrail, Yaponiya, Əlcəzair, Niderland nümayəndələri də iştirak edəcəklər.
Xatırladaq ki, əvvəlcə “DEPA” şirkətinin özəlləşdirilməsinə 17 şirkət maraq göstərirdi.
“DEPA” təbii qazın Yunanıstanda topdan alışı və satışı ilə məşğul olur. Şirkətin “DESFA” törəmə qurumu milli qaz nəqli şəbəkəsinə və maye qazın təbii qaza çevrilməsi terminallarına malikdir.
Hazırda “DEPA” şirkətinin səhmlərinin 65 faizi Yunanıstan Respublikasına, 35 faizi isə “Hellenic Petroleum” neft emalı şirkətinə məxsusdur.