CƏMİYYƏT
Azərbaycan zəvvarları həcc ziyarətinə yollanırlar
Bakı, 3 noyabr (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Həcc ziyarəti səfərini Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq 2 min zəvvar yola düşəcəkdir. Onlardan 1200-ü avtobuslarla, 800-ü isə təyyarələrlə gedəcəkdir. Avtobuslar Azərbaycan-Gürcüstan-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə, təyyarələr isə Bakı-Ciddə reysi üzrə hərəkət edir.
Noyabrın 2-3-də artıq 46 avtobusdan ibarət iki avtobus karvanı yola düşmüşdür. Qalan zəvvarlar noyabrın 2-dən başlayaraq hər gün 4 təyyarə ilə səfərə yollanırlar. Ziyarət səfərləri avtobuslarla 2500, təyyarə ilə 3500 manata başa gəlir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı, sığorta xərci və səfər müddətində gündə 2 dəfə qidalanma xərcləri daxildir.
Ziyarət səfəri zamanı zəvvarların təhlükəsizliyi ilə bağlı lazımi tədbirlər QMİ ilə Səudiyyə Ərəbistanı hökuməti arasında imzalanmış protokolun müvafiq müddəalarına əsasən həyata keçirilir.
Zəvvarları səfər müddətində müqəddəs ziyarətin özəllikləri ilə bağlı məlumatlandıran qrup rəhbərləri, səhhətlərinə nəzarət edəcək həkim briqadaları müşayiət edir. Ümumilikdə, təşkilati məsələlərə nəzarət edən şəxslər, həkim briqadası, sürücülər və müşayiət edənlərlə birlikdə Azərbaycandan bu il Səudiyyə Ərəbistanına 2300 nəfərlik missiya yola düşür.
Hazırda Mədinə şəhərinin hava limanında aparılan təmir və genişləndirmə işləri ilə bağlı çarter reysi həyata keçirən təyyarələr əvvəlcədən nəzərdə tutulduğu kimi, Ciddə aeroportuna enirlər. Buradan zəvvarlar avtobuslarla Mədinə şəhərinə, sonra isə 3 gün ərzində Məkkəyə yollanacaqlar. Ümumilikdə müqəddəs Həcc səfərinin müddəti 20-25 gündür.
Səudiyyə Ərəbistanı dövlətlərin qanunlarına görə, Həcc mövsümü müddətində təyyarə ilə səfər edən zəvvarlar uçuşa 8-12 saat qalmış hava limanında olmalıdırlar. İslam dünyasının çoxmilyonlu zəvvarlarının eyni vaxtda Ciddə hava limanında eniş-uçuş həyata keçirəcəklərini nəzərə alsaq, təyyarələrin uçuş vaxtlarında müəyyən gecikmələrin ola biləcəyi istisna edilmir. Azərbaycanlı zəvvarların çarter reysini Fransanın tanınmış hava nəqliyyatı şirkəti həyata keçirəcəkdir.