CƏMİYYƏT
Azərbaycanda ailə və nikah institutu ilə bağlı sosioloji təhlil aparılmışdır
Bakı, 23 dekabr (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Müasir Azərbaycanda ailə və nikah institutu” mövzusunda sosioloji təhlil aparılmış və müasir ailə modelinə dair analitik hesabat hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, dekabrın 23-də “Park İnn Azərbaycan” mehmanxanasında “Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil” hesabatının təqdimatı olmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova demişdir ki, tədqiqatın əsas məqsədi ölkəmizdə ailə-nikah münasibətləri sahəsində real vəziyyət, tendensiyalar və problemlər barədə hərtərəfli və əsaslandırılmış sosioloji informasiyaların alınmasıdır. Analitik hesabat ailə sahəsində müasir vəziyyətin qiymətləndirilməsi və məsələnin ən optimal həlli yollarını təyin edir. Bu tədqiqat gələcəkdə Azərbaycanda ailə siyasəti konsepsiyasının yaradılması və inkişafı üçün ilkin çıxış materialı ola bilər. Həmin konsepsiyada sosial inkişaf və ailənin müdafiəsi problemlərinin həlli kompleks surətdə əksini tapa bilər.
Milli Məclis sədrinin müavini Bahar Muradova aparılmış sosioloji təhlili yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycanda bu sahədə problemləri tənzimləyən qanunlar qəbul edilmişdir. Tədqiqatın nəticəsi olaraq qanunverici aktlarda bəzi dəyişiklik və əlavələrin edilməsinə ehtiyac vardır. Bu sosioloji sorğu aidiyyəti qurumlar tərəfindən araşdırılmalı, müvafiq təkliflər hazırlanmalı və parlamentin müzakirəsinə təqdim olunmalıdır.
Tədbirdə çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova milli mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd etmişlər. Bildirilmişdir ki, cəmiyyətin, dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Dövlət siyasətinin prioritet istiqamətlərində birini məhz ailə siyasəti təşkil edir. Qarşıda duran ən mühüm vəzifələrdən biri ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, onun problemlərinin minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır.
######