İQTİSADİYYAT
Azərbaycanda alternativ enerjinin inkişafına qrant ayrılmışdır
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 12-də Avropa İttifaqının (Aİ) və Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə mətbuat konfransı keçiriləcəkdir.
Agentlikdən AZƏRTAC-a bildirmişlər ki, mətbuat konfransı “Avropa Komissiyasının Azərbaycan Respublikasına energetika sahəsində islahatlara dəstək proqramı” çərçivəsində ayırdığı 13 milyon avro məbləğində qrant vəsaitinin ikinci mərhələsinin başlanmasına həsr olunmuşdur.
Tədbirdə Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov çıxış edəcəklər.
Tədbirdə, həmçinin proqram çərçivəsində həyata keçirilmiş işlər, tədbirlər planı, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı məqsədi ilə ayrılmış vəsaitlər və gələcək addımlar barədə məlumat veriləcəkdir.