İQTİSADİYYAT
AZƏRBAYCANDA BİR SIRA SAHƏLƏRLƏ BAĞLI DÖVLƏT STANDARTLARI QƏBUL EDİLMİŞDİR
Bakı, 15 may (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirmişlər ki, qurumun sədri Ramiz Həsənovun əmri ilə Azərbaycanda bir sıra sahələrlə bağlı dövlət standartları qüvvəyə minmişdir.
Plastik kütlələr, polimerlər və sintetik qətranlar, keyfiyyət sistemləri və toxuculuq saplarının qüsurları ilə bağlı standartlar bunlardır: “AZS 392 - 2010 Plastik kütlələr, polimerlər və sintetik qətranlar (kimyəvi adlar, termin və təriflər)” standartı plastik kütlələrə, polimerlərə və sintetik qətranlara aid əsas anlayışların elm, texnika və istehsalatda tətbiq edilən termin və təriflərini müəyyən edir. Bu standartla müəyyən edilmiş terminlərin bütün növ sənədlərdə, dərsliklərdə, dərs vəsaitlərində, texniki və məlumat üçün olan ədəbiyyatlarda tətbiqi məcburidir.
“AZS 400 - 2010 Keyfiyyət sistemləri. Risklərin təhlili və kritik nəzarət nöqtələri əsasında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi” standartı Avropa İttifaqı Şurasının 93/43/EEC Direktivində şərh edilmiş risklərin təhlili və kritik nəzarət nöqtələri əsasında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələbləri müəyyən edir. HACCP (risklərin təhlili və kritik nəzarət nöqtələri) məhsulun təhlükəsizliyinə bilavasitə təsir edən təhlükəli amillərin sistematik identifikasiyasını, qiymətləndirilməsini və idarə edilməsini nəzərdə tutan konsepsiyadır.
“AZS 401 - 2010 Toxuculuq saplarının qüsurları (termin və təriflər)” standartı toxuculuq sapları və sarınmalarının xarici görünüş qüsurlarına aid əsas anlayışların termin və təriflərini müəyyən edir. Bu standartda müəyyən edilən terminlərin standartlaşdırmanın fəaliyyət sahəsinə daxil olan və ya bu fəaliyyətin nəticələrində istifadə edilən bütün növ sənədlərdə və ədəbiyyatda tətbiqi məcburidir. Bunlara əsasən, sapın xovluluğu, ipliyin qotazı, iplik üzərində topa, sapın çirklənməsi, sürtülmüş saplar və digərləri aiddir.
Digər standartlar isə tikiş istehsalatı, tikinti, informasiya texnologiyaları sahələri və milli akkreditasiya sistemi ilə bağlıdır.