REGİONLAR
Azərbaycanda bir sıra yumşaq buğda sortları yaradılıb
Bakı, 24 iyul (AZƏRTAC). Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun seleksiya proqramının əsas məqsədi dəmyə şəraiti ilə yanaşı, suvarma bölgələrinə adaptasiya qabiliyyəti yüksək olan sortların yaradılmasıdır. Son vaxtlar bu istiqamətdə geniş seleksiya işləri aparılmaqla bir sıra yumşaq buğda sortları yaradılıb.
Bu sözləri Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai AZƏRTAC-a müsahibəsində deyib.
Onun fikrincə, suvarma bölgəsi üçün əhəmiyyətli olan amillərdən biri sortun hündür boylu olmamasıdır. Hündür boylu sortlar bir qayda olaraq az məhsuldar olmaqla yatmaya meyillidirlər. Son vaxtlarda yaradılan yumşaq buğda sortları qısa və orta boylu olmaqla məhsuldar, yatmaya və mühit amillərinin təsirinə davamlıdırlar. Buna “Aran”, “Tale-38”, “Qırmızı gül-1”, “Zirvə-85”, “Murov-2”, “Şəfəq-2”, “Əzəmətli-95” sortlarını misal göstərmək olar. Bu sortların hər biri yatmaya davamlı və yüksək məhsuldardır. Eyni zamanda, bunlar bir sıra göbələk xəstəliklərinə davamlı və orta davamlı sortlardır. Bütün bunlar da öz növbəsində taxılçılıqda mühüm əhəmiyyət kəsb edən məsələlərdir.