CƏMİYYƏT
Azərbaycanda daha 100 nəfər müharibə əlili minik avtomobilləri ilə təmin olunub
Bakı, 16 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 30 aprel tarixli Sərəncamının icrasına uyğun olaraq iyulun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs “Naz-Lifan” markalı minik avtomobili ilə təmin edilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, onlardan 52 nəfəri Böyük Vətən müharibəsi əlili, 5 nəfəri Çernobıl əlili, qalanları isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.
Avtomobillər sahiblərinə təqdim edilməsi mərasimində bildirilib ki, Azərbaycan Prezidentinin 2013-cü il 23 dekabr tarixli Sərəncamına əsasən, ƏƏSMN tərəfindən cari ilin aprel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobili verilib. Bununla da cari ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə tam təminatına nail olunub.
Ötən aydan etibarən isə Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 30 aprel tarixli Sərəncamının icrasına başlanılıb. 2014-cü ilədək növbədə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən artıq 423 nəfərinin avtomobillə təminatı həyata keçirilib və belə şəxslərin avtomobillə tam təminatının gələn ay başa çatdırılması planlaşdırılır.
Ümumilikdə son 3 ay yarım ərzində avtomobillə təmin olunanların sayı 1100 nəfərə çatıb.