İQTİSADİYYAT
Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib
Bakı, 3 mart, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidmətinin martın 3-də keçirilən növbəti hərracında 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən nəqliyyat vasitələrinə 13-ü elektron olmaqla, ümumilikdə 72 sifariş verilib. Sifarişlərin çox olması isə hərracı rəqabətli edib. Buraxılış tarixi 2003-cü il olan “UAZ” markalı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 1500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5850 manata yüksəlib. Həmçinin ilkin start qiyməti 4 min manat olan “VAZ-21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 6 min manata özəlləşdirilib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3C9vYl2).
Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar martın 9-u, 15-i, 17-i, 29-u və 31-də keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.